Amorim: “Mançester Siti” ilə oyunda sonadək qələbəyə inandıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın 16-cı turunda “Mançester Siti” üzərində səfər qələbəsini (2:1) şərh edib.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən düşünürəm ki, biz bu qələbəyə layiqik. Çox çətin bir oyun oldu, amma biz sona qədər qələbəyə inandıq. Qol vurmağı bacardıq, bu qələbə bizə gərək idi, bizim üçün də, azarkeşlərimiz üçün də vacib idi. Tam 90 dəqiqə oyunda olduq və bu, çox yaxşıdır. “Arsenal”la oyunu (0:2) xatırlayırsınızsa, birici hissədə yaxşı oynamışdıq, amma onda futbolçular qalib gələcəyimizə inanmamışdılar. Bugünkü qarşılaşma isə tam fərqli idi. Bizim üçün yaxşı gün oldu”, deyə Amorim vurğulayıb.

16 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 13-cü sırada qərarlaşıb. “Mançester Siti” isə 27 xalla 5-ci yerdədir. Premyer Liqaya 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.