Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.
Arena.az xəbər verir ki, anadan olmasının 75-ci ildönümündə mərhum futbolçunun məzarı üzərinə AFFA tərəfindən əklil qoyulub.
COVİD-19 pandemiyası ilə əlaqədar mövcud tələb və tövsiyələr nəzərə alınaraq, bu gün hər hansı tədbir keçirilməsə də, müvafiq qaydalar yol verəcəyi təqdirdə, qarşıdakı aylarda Anatoli Banişevskinin 75 illik yubiley tədbirlərinin təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964 – 1973, 1975 – 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”ni mərhum forvardı “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984 – 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.