Ancelo Oqbonna “Vest Hem”də qaldı, Manuel Lansini ayrıldı

Avropa Konfrans Liqasının sonuncu qalibi “Vest Hem” müdafiəçisi Ancelo Oqbonna ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

35 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşməsinin müddəti ötən ayın 30-da bitən təcrübəli futbolçunun qarşıdakı mövsümün sonuna kimi komandada qalacağı diqqətə çatdırılıb.

Ancelo Oqbonna 2015-ci ildən “Vest Hem”in uğurları üçün çalışır. O, bu komandada 232 oyuna çıxıb, 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər “Torino”, “Yuventus”, “Krotone” kimi klublarda da forma geyinib. O, İtaliya milli komandasında da 13 oyun keçirib.

“Vest Hem” Argentinadan olan hücumameyilli yarımmüdafiəçisi Manuel Lansini ilə də yollarını ayırıb. 30 yaşlı futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib və o, azad agent kimi komandanı tərk edib.

Manuel Lansini də 2015-ci ildən “Vest Hem”in formasını geyinirdi. Yarımmüdafiəçi bu komandada bütövlükdə 226 oyuna çıxıb, 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı futbolçu karyerası ərzində “River Pleyt”, “Fluminense”, “Əl-Cəzirə” kimi klublarda da forma geyinib. O, Argentina yığmasında da 5 oyun keçirib, 1 qola imza atıb.

“Vest Hem” ötən ilin yayında Danimarkanın “Vayle” klubuna icarəyə verdiyi qapıçısı Natan Trottun daha bir mövsüm bu komandada qalacağını da açıqlayıb. 24 yaşlı ingilis qolkiper ötən mövsüm Danimarka təmsilçisində 25 oyuna çıxıb, 17 qol buraxıb, 14 “quru” matç keçirib. Trott “Vest Hem”in əsas komandasında cəmi 1 matç keçirib, əvəzində “Uimbldon” və “Nansi” klublarında da icarədə oynayıb.