“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Super Kubokunun finalında “Barselona” üzərində inamlı qələbəsini (4:1) şərh edib.
Arena.az “Movistar” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyun bizim üçün çətin oldu, “Barselona”nın necə oynadığını nəzərə alsaq, hesab çox böyük oldu. 3:1-də oyun bərabərləşdi və yalnız 4-cü qoldan sonra rəqib təslim oldu. Ola bilsin ki, 2:0-dan sonra biz əks-hücuma tez-tez keçməyə çalışırdıq, topa azacıq daha çox nəzarət etməliydik”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, “Real” və “Barselona”nın qarşılaşdığı İspaniya Super Kubokunun final oyunu Səudiyyə Ərəbistanının “Əl-Əvval Park” stadionunda baş tutub. Oyunu Xuan Martines Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real” “Barselona”nı 4:1 hesabı ilə darmadağın edərək, İspaniya Super Kubokunun 40-cı – 2023/2024 mövsümünün qalibi olub. Bu, “kral klubu”nun müvafiq yarışda 13-cü qalibiyyətidir. “Barselona”nın isə İspaniya Super Kubokunda 14 qalibiyyəti var.