Ançelotti: “Endriklə Arda Gülər “Real”ı tərk etməyəcəklər”

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti “qaymaqlılar”ın gənc futbolçularını klubdan buraxmaq niyyətində deyil.

Arena.az məlumat verir ki, söhbət gənc futbolçular – 18 yaşlı braziliyalı hücumçu Endrik və 19 yaşlı türk yarımmüdafiəçi Arda Gülərdən gedir:

“Endrik və Arda Gülər “Real”ı tərk etməyəcəklər. Onlar yanvarda qalacaqlar. Mənim gənclərə qarşı heç bir qərəzim yoxdur. Karyeram boyu bir çox gənc oyunçudan istifadə etmişəm”, – deyə Ançelotti bildirib.

Endrikin “Real” karyerası

Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki bu ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik “Palmeyras”ın heyətində ümumilikdə 82 oyun keçirib, 21 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu “Real”ın heyətində elə, debüt oyununda meydana ehtiyat oyunçular skamyasından daxil olaraq 4 dəqiqə ərzində ilk qoluna imza atıb. Cari mövsümdə Endrik Madrid klubunda 14 oyuna 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.

Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 13 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Ardanın “Real” karyerası

Arda Gülər “Gənclərbirliyi” klubunun yetirməsidir. Yarımmüdafiəçi 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro məbləğ müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Gülər “qaymaqlılar”ın heyətində bütün yarışlarda 17 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Türk futbolçunun “Kral klubu”nun heyətində çıxışının ümumi mənzərəsi 29 oyun, 7 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023-cü illər mövsümü Türkiyə Kuboku, “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və Çempionalar Liqası və UEFA Super Kuboku var.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: