Ançelotti: “Modriç futbol üçün bir hədiyyədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın xorvat veteran yarmmüdafiəçisi Luka Modriç haqda məmnunluğunu ifadə edib.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Modriç – futbol üçün bir hədiyyədir. Xüsusilə yaxından həzz ala bilənlər üçün, azarkeşlər, komanda yoldaşları, məşqçi üçün… Bütün “Real”, Madrid üçün.

Bu, mənim üçün böyük hədiyyədir, xüsusən də belə oyunlara hazırlaşdığına görə. Sanki finaldadırmış kimi. Bu, gənclər üçün çox mühüm nümunədir”, deyə Ançelotti veteran futbolçudan razılıq edib.

Xatırladaq ki, Modriç İspaniya Kral Kubokunun 1/16 finalında “qaymaqlılar”ın “Minera” üzərində 5:0 hesablı səfər qələbəsinə, vurduğu qolla töhfəsini verib. Veteran futbolçu meydada başlanğıc heyətdə çıxıb, 63 dəqiqə oynadıqdan sonra əvəzlənib.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 27 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 562 oyun, 41 qol, 90 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.