“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümöncəsi hazırlıq məqsədilə “Çelsi” ilə oyunda (2:1) yeni həllər üzərində sınaqlar aparıb.
Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis “qaymaqlılar”ın xorvat veteran mərkəz yarımmüdafiəçisi Luka Modriçi meydanda yeni rolda sınayıb:
“Bu, onun yeni rolu ola bilər. Bu gün o, dayaq oyunçusu idi. Luka da Toni Kroos kimi solda ola bilər. O, topla çox yaxşı davranır və komandaya çox kömək edir. Modriç vaxtı çox yaxşı idarə edir, onun böyük təcrübəsi var… o, fantastik oyunçudur”, deyə Ançelotti vurğulayıb.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu geridə qalmış 2023/2024 mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 534 oyun, 39 qol, 86 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 26 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 26 qənimətlə Modriç “Real” tarixində ispan mərkəz müdafiəçisi Naço Fernandeslə birliklə ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 178 oyuna çıxıb, 26 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.