Ançelotti “Real”ın derbidə Mbappesiz necə oynayacağını açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko” ilə qarşıdakı Madrid derbisində necə keçinəcəyi haqda sualı cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizim strategiyamızdan asılı olaraq, Cud Bellingemin mövqeyi dəyişə bilər. Kilian Mbappesiz hər şey azacıq dəyişəcək, amma çox deyil. Keçən il ki onsuz oynamışdıq. Bu, xoşagəlməzdir, amma çıxış yolu tapmağa nail olacağıq”, deyə Ançelotti əminliklə vurğulayıb.

Karlo Ançelotti qarşıdakı Madrid derbisində “qaymaqlılar”ın ulduzu Vinisius Juniora qarşı mümkün təxribata da toxunub.

Arena.az xatırladır ki, Madrid “Atletiko”sunun ifrat tərəfdarları “döşəkçilər”in ev stadionunda keçiriləcək oyuna birdəfəlik maskalar taxaraq gəlmək və bununla da şəxsiyyətlərinin müəyyən edilməsini əngəlləyərək, braziliyalı futbolçunu qorxusuz təhqir etmək imkanı qazanmaq üçün, sosial şəbəkələrdə tədbirə başlayıblar.

“Aydındır ki, biz müvafiq davranışı dəstəkləmirik. Oyun haqda düşünüb, oyuna yaxşı hazırlaşmalıyıq. Qalanlarını isə bu həftə olduğu kimi ədalət həll edəcək (“Malyorka” azarkeşi Vinisius Juniora qarşı irqçiliyə görə şərti olaraq 1 il həbs cəzası alıb – redaktorun qeydi). Bu, bizim narahat olmamalı olduğumuz bir mövzudur. Digər səlahiyyətli orqanlar da oxşar xüsusları icra edəcəklər ki, bu da ədalətlidir”, – “Sport.es” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, Madrid derbisi sentyabrın 29-da İspaniya La Liqasının 8-ci turu çərçivəsində “döşəkçilər”in “yuvası” “Metropolitano” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

7 turdan sonra “Real” La Liqanın yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb. “Atletiko” isə 15 xalla 3-cü pillədədir. La Liqanın zirvəsində 21 xalla “Barselona” yer alıb.