“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 3-cü turunda “Las Palmas”a qarşı keçirdikləri səfər oyununu (1:1) şərh edib.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirini təqdim edir:
“Mən xasiyyət və ya münasibət əskikliyini görmürəm. Bəzən sadəcə oynamaq üçün ən yaxşı yolu tapa bilmirsən. Oyunçulara aydınlıq gətirmək üçün strategiya haqqında daha dəqiq təsəvvür yaratmalıyam. Fəsad yarandıqda, bunun həllini tapmağın məsuliyyətini məşqçi öz üzərinə götürməlidir. Mən də bunu edəcəyəm.
Ötən mövsümün möhkəmliyini bərpa etmək bizim üçün çətindir, bu, başadüşüləndir. Ancaq bəhanə axtarmayın. Təqvim sıxdır, biz isə tez bərpa olmalıyıq, çünki bazar günü bizi daha bir oyun gözləyir. Strategiyanı daha aydın izah etməliyəm ki, oyunçulara aydınlıq verim. Bu, bizə düşündüyümüzdən də baha başa gəlir… Biz çalışmalı və nail olmaq istədiklərimizə diqqət yetirməliyik. Xoşbəxtlikdən bu üç oyun mənə yaxşı getməyən çox məqamı göstərdi. Onları düzəltməyin vaxtı isə çatıb”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, əvvəlki iki turda “Real” səfərdə “Malyorda” ilə gözlənilməz heç-heçə (1:1) oynamış, Madriddə isə “Valyadolid”i böyük hesabla məğlub etmişdi (3:0).
3 turdan sonra “Real” 5 xalla La Liqanın yarış cədvəlində 4-cü, “Las Palmas” isə 2 xalla 15-ci pillədədir. La Liqaya 9 xalla “Barselona” başçılıq edir.