Ançelotti super kubok oyunu ərəfəsində “Atalanta”dan danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Super Kuboku oyunu ərəfəsində “qaymaqlılar”ın rəqibi “Atalanta” haqda söhbət açıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Həmişə olduğu kimi, çətin olacaq, çünki mövsümün başlanğıcıdır. Amma biz bütün çətinlikləri xatırlayaraq, ora tam inam və əminliklə yollanırıq. Mən düşünürəm ki, “Atalanta” orada olmağa layiqdir, çünki onlar Avropa Liqasında möhtəşəm bir mövsüm keçirdilər, “Liverpul” kimi ən yaxşı komandaları sıradan çıxardılar. Onlar bu oyunları, hətta finalı belə, asanlıqla qazana bildilər. Ona görə də bu komandaya böyük hörmətimiz var. Amma biz daha yaxşı formada olacağımıza ümidvarıq.
Düşünmürəm ki, kimsə bunu gözləyirdi (“Atalanta”nın Avropa Liqasının finalında “Bayer”ə belə asanlıqla qalib gəlməyini (3:0) nəzərdə tutur – redaktorun qeydi). Dediyim kimi, “Atalanta” möhtəşəm bir mövsüm keçirib. Bu, xüsusi və özünəməxsus surətdə oynayan çox təhlükəli bir komandadır. “Bayer”, “Atalanta” oyunçularının çox böyük səy göstərməsi səbəbindən vərdiş etdiyi kimi oynaya bilmədi”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.

2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.

Xatırladaq ki, 1973-cü ildə təsis edilmiş UEFA Super Kubokunun ilk qalibi Niderland nəhəngi Amsterdam “Ayaks”ı olub. Kubokun cari sahibi isə “Mançester Siti”dir.

Vurğulayaq ki, “Barselona”, “Real” və “Milan” hər biri 5 dəfə qalibi olmaqla, UEFA Super Kubokunu ən çox qazanmış klublardır. Göründüyü kimi, “kral klubu” qalib olacağı halda mütləq rekord müəyyənləşdirəcək.