Məlum olduğu kimi, “Real”ın fransalı ulduzu Kilian Mbappe Stokholm otellərindən birində zorlama ittihamı ilə bağlı qalmaqalın mərkəzindədir.
Arena.az məlumat verir ki, hazırda İsveç polisi fransalı ulduz hücumçuya qarşı daxil olmuş şikayət əsasında təhqiqat aparır.
Bu mənzərədə Mpappenin məşqçiləri – Fransa yığmasının çalışdırıcısı Didye Deşam və “Real”ın baş məşqçisi Karlo Ançelotti fransalı ulduz futbolçu ilə bağlı bu xoşagəlməz xəbərə dair öz mövqelərini ifadə ediblər:
Fransız mütəxəssis Deşam açıqlamasında bu xəbərin yaratdığı xoşagəlməz ab-havanın Fransa yığmasına mənfi təsir edəcəyindən ehtiyatlandığını başa düşməyə əsas verib:
“Hazırda məlumat hər yerdən daxil olur. Bu, bir dəlildir, yoxsa uydurmadırmı, bilmirəm, mürəkkəbdir. Mbappe dialoq üçün kifayət qədər böyükdür. Biz çox mənfi bir vəziyyətdəyik. Bir xüsusdan yapışanda diqqətli olmaq gərəkdir. Mən nəsə bildiyimi deməyəcəyəm, çünki bu, belə deyil, bilmirəm. Nəsə deməzdən əvvəl, bir addım geri çəkilmək daha yaxşıdır. Ancaq elə xüsuslar var ki, yoxlanılması heç də çətin deyil. Mən geri addım atıram, amma bütün bu vəziyyət isə fransız komandası üçün çox da yaxşı deyil”, – nüfuzlu fransız nəşri “Ekip” “xoruzlar”ın baş məşqçisindən sitat gətirir.
İtalyan mütəxəssis Ançelotti isə xəbər mötəkirliyi əvəzinə işlə məşğul olmağa üstünlük verdiyini vurğulayıb:
“Mən bura möhtəkirlik haqqında danışmaq üçün gəlməmişəm. Mən sadəcə onun işinə diqqət yetirirəm. Bu fasilə ona çox kömək edib, həm də onun öz istirahət günləri olub. Mən xaricdən ehtikarlıq fərziyyələrini dinləmirəm. Bunun futbolçuya heç bir təsiri də yoxdur. Onun istirahət günləri təyin edilmişdi və hər kəs nə ilə məşğul olmaq istədiyini seçirdi. Mən iki günlüyə Londona yollanmışdım və heç kimdən də icazə istəməmişdim. Futbolçular üçün səfərlər təşkil etmək üçün səyahət agentliyim yoxdur”, – “Real”ın rəsmi saytı Ançelottidən sitat gətirir.
Xatırladaq ki, bu gün, oktyabrın 19-da “Real” İspaniya La Liqasının 10-cu turu çərçivəsində səfərdə “Selta” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Adı ilə bağlı bu qalmaqal mənzərəsində Kilian Mbappenin bu oyunda iştirakı gözlənilir.