Ançelotti Vinisius-Mbappe hücum cütlüyünü qiymətləndirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti fransalı hücumçu Kilian Mbappenin “qaymaqlılar”a uyğunlaşmasını və çıxışını şərh edib.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mbappe həm uyğunlaşır və həm də tərəqqi edir. O, təvazökarlıqla işləyir və bunu yaxşı edir. Onun uyğunlaşması yaxşı gedir.

Mbappe sonuncu dəfə avqustun 14-də “Atalanta” ilə oyunda qol vurub. Cəmi iki həftə keçib. İndi narahat olmaq vaxtı deyil. Nə bizə, nə də ona. O, qol vurmaq istəyir, bu, dəqiqdir. Və o bunu edəcək”.

Karlo Ançelotti “qaymaqlılar”ın ulduz hücumçuları – braziliyalı vinger Vinisius Junior və fransalı Kilian Mbappenin meydanda anlaşmasını yüksək qiymətləndirib:

“Fikrimcə, Mbappe və Vinisius açıq-aşkar olmasa da, birlikdə yaxşı işləyirlər. Heç vaxt uyğunlaşmaqda fəsad yaşamamışıq, xüsusən də indi, dünyanın ən yaxşı oyunçuları ilə”.

Xatırladaq ki, Mbappe “Real”a bu yay PSJ-dən azad agent kimi keçib. O, cari mövsümdə Madrid klubunun heyətində bütün yarışlarda 4 oyuna çıxıb və 1 qol vurub.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.