“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın braziliyalı hücumçusu Vinisius Juniorun qarşıdakı oyunlara hazırlığından söhbət açıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“O, möhtəşəmdir. O, yaxşı idman formasına qayıdıb və oyundan kənar vaxtdan səmərəli istifadə edib. O, son həftələrdə aldığı mükafatlardan təravətlənib, şövqlənib və ilhamlanıb. O, hər zaman olduğu kimi, sabah özünü göstərmək, töhfə vermək arzusu ilə oyuna hazırlaşıb”, deyə Ançelotti məmnunluqla vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Vinisius “Globe Soccer Awards” tərəfindən 2024-cü ilin ən yaxşı oyunçusu və hücumçusu olaraq tanınıb. “Vini” həmçinin 2024-cü ilin ən yaxşı iber-amerikan futbolçusu mükafatını alıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 20 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 83 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.