Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın iki ulduzunun ünvanına yönəlmiş tənqidlərlə bağlı sualı cavablayıb.
Arena.az məlumat verir ki, söhbət “Real”ın braziliyalı cinah hücumçusu Vinisius Junior və fransalı mərkəz hücumçusu Kilian Mbappedən gedir.
İtalyan mütəxəssis tənqidlərin bu futbolçuların duyğusal vəziyyətinə təsir edib-etmədiyi haqda suala belə cavab verib:
“Məncə, bu, onları narahat etmir. Onlar yaxşı məşq edirlər. Oyunları isə getdikcə yaxşılaşır. Çoxları unudurlar ki, onlar yalnız avqustun 9-da məşqə başlayıblar. Uşaqlar mövsümöncəsi məşq edə bilməyiblər, amma oyunlar zamanı vəziyyətlərini artıq yaxşılaşdırıblar. Onlar sağlam və xoşbəxtdirlər”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, bu yay PSJ-dən azad agent kimi “Real”a keçmiş Kilian Mbappe Madrid klubunun heyətində 5 oyuna çıxıb, 3 qola imza atıb. 25 yaşlı hücumçunun İspaniya nəhəngi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, artıq “Real”la ilk titulunu da qazanıb. “Kral klubu” Mbappenin debüt etdiyi oyunda İtaliyanın “Atalanta” komandasını məğlub edərək UEFA Super Kubokunu qazanıb.
Vinisius Junior isə “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 5 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 269 oyun, 84 qol, 78 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/205), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.