Ançelotti Vinisiusa qarşı münasibəti yolverilməz hesab edir

“Real”ın baş məşqçisi Karlo Ançelotti ispaniyalı azarkeşlərin braziliyalı hücumçu Vinisius Juniora münasibəti ilə bağlı sualı cavablayıb.

Arena.az xatırladır ki, braziliyalı ulduz “Real”ın İspaniyadakı səfər oyunlarında mütəmadi olaraq mənfi hallarla üzləşir.

Son olaraq o, La Liqa çərçivəsində baş tutan “Real Sosyedad”la səfər matçında xoşagəlməz münasibətlə üzləşib.

“Son illərdə Vinisiusun başına gələnlər… dözülməz bir xüsusdur. Bunun öhdəsindən onun necə gəldiyini bilmirəm. Mən bunu edə bilməzdim. “Vini” ilə baş verənlər qəbuledilməzdir! Düşünürəm ki, nə qədər təhlükəli olduğunu gördükləri üçün onu təxribata sürükləyirlər. Vinisiusa fikir verməyi dayandırın, tribunada baş verənlərə isə fikir verin”.

“Real”ın baş məşqçisi “qaymaqlılar”ın türk yarımmüdafiəçisi Arda Gülərin çıxışını qiymətləndirib. İtalyan mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Mən Arda Gülərin oyunundan razıyam. Onun bir yarımmüdafiəçi kimi bacarığı həm komanda, həm də özü üçün daha çox imkanlar açır”.

Karlo Ançelotti “Real Sosyedad”la oyundan (2:0) sonra fransalı ulduz hücumçu Kilian Mbappenin də çıxışını şərh edib:

“Mbappe daha təravətli görünürdü, topla daha fəal idi, o, çox təhlükəlidir. O, Vinisius və digər hücumçularla yaxşı vəhdət qurur. Kilianın oyununu bəyəndim”.

Xatırladaq ki, “Real” “Real Sosyedad”la oyunda Vinisius Junior (58) və Kilian Mbappenin (75) penaltidən vurduqları qollar sayəsində qələbə qazanıb – 2:0.

İspaniya La Liqasında geridə qalmış 5 turdan sonra yarış cədvəlinə itkisiz irəliləyən yeganə komanda – “Barselona” (15 xal) başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış “Real”, “Atletiko” və “Vilyarreal”ın 11 xalı var.