“Real”ın baş məşqçisi Karlo Ançelotti etiraf edib ki, “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniorla bağlı şayilərdən bezib.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis “Vini”nin Səudiyyə Ərəbistanı Peşakar Liqasına mümkün keçidi mövzusunda söz-söhbətdən bezardır:
“Mən bu mövzudan yorulmuşam! Amma bu, məni narahat etmir. Mən onu xoşbəxt görür və buna sevinirəm. Burada, “Real”da bu mövzu müzakirə edilmir, heç o da bu barədə danışmır. Vinisius tərəqqiyə can atır. Düşünürəm ki, o, uğurlar qazanmağa davam edəcək”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klubları Vinisius Juniorun keçidi müqabilində braziliyalı ulduzu dünyanın ən ödənişli futbolçusu etməyə hazırdırlar. “Vini”yə nəhəng müqavilə də təklif edilib.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 30 oyuna çıxıb, 16 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 295 oyun, 101 qol, 85 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.