“Real”ın baş məşqçisi Karlo Ançelotti “el klasiko”dan sonra “Barselona”nın baş məşqçisi Xavinin hakimliyi tənqidinə münasibət bildirib.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən Xavinin nə düşündüyü barədə danışmaq istəmirəm, hər kəsin öz fikri var. Mən oyun haqqında danışmağa üstünlük verirəm, o, bərabər, rəqabətli, hər iki komandanın yaxşı imkanları ilə keçdi. Sonda son gücümüzlə qalib gəldik. Cədvəl üzrə də bizdə hər şey qaydasındadır.
“Barselona”nın iddialarını başa düşürəmmi? Bizə vurulmuş qolu düzgün olaraq hesaba almadılar, top qapı xəttini keçməmişdi. “Barselona”ya qarşı penalti mənə olduqca aydın görünür”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, Madrid səfərində “Barselona” iki dəfə “Real”ı hesabda üstələsə də, “kral klubu” əzmkar oyunu ilə 3:2 hesablı qələbəni oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+1) qoparıb – 3:2.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 32 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 81 xala malik Madrid “Real”ı başçılıq edir.