Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti Braziliya milli komandasının sükanı arxasına keçib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, Karlo Ançelottinin oğlu Davide Ançelotti atasının rəhbərlik etdiyi “selesao”nun məşqçilər qərargahına qoşulub.
35 yaşlı Davide “Real”da olduğu kimi Karlo Ançelottinin köməkçisi olacaq. Gənc italyan mütəxəssisin Braziliya Futbol Konfederasiyası (CBF) ilə müqavilə razılaşdırdığı, rəsmi bəyanatın isə tezliklə açıqlanacağı bildirilir.
Xatırladaq ki, futbolçu karyerasına çox erkən – 20 yaşında xitam vermiş Davide, 2016-cı ildən atası Karlo Ançelottinin rəhbərliyi altında onunla birlikdə çalışır. Davide “Bayern”, “Napoli”, “Everton” və “Real”da məşhur atası ilə böyük təcrübə məktəbi keçib.
Daha əvvəl Davide Ançelottinin sərbəst məşqçiləyə başlayacağı haqda məlumat vardı. Mətbuat Davidenin “Komo”dan ayrılacaq 38 yaşlı ispan mütəxəssis Sesk Fabreqası əvəz edəcəyini yazırdı. Amma sonradan məlum oldu ki, “Komo” komandanı uğurla çalışdıram ispan mütəxəssislə ayrılmaq niyyətində deyil.


