İspaniyanın “Atletik” (Bilbao) klubunun yarımmüdafiəçisi Ander Errera bundan sonra karyerasını Argentinada davam etdirəcək.
Arena.az xəbər verir ki, 35 yaşlı ispaniyalı futbolçu La Liqa təmsilçisini azad agent kimi tərk edərək Argentinanın “Boka Xuniors” klubuna keçib.
Təcrübəli yarımmüdafiəçi 2026-cı ilin sonuna qədər “Boka Xuniors”un şərəfini qoruyacaq.
Xatırladaq ki, Ander Errera İspaniyanın “Saraqosa” klubunun yetirməsidir. Müdafiəçi karyerası ərzində “Mançester Yunayted” və PSJ-də də çıxış edib. “Atletik” Erreranı 2023-cü ilin yanvarında PSJ-dən azad agent qismində yenidən öz heyətinə qatıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Errera “Atletik”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, bütün turnirlərdə 14 matçda iştirak edib, məhsuldarlıq nümayiş etdirə bilməyib. İspan müdafiəçinin Bilbao klubunda çıxışının ümumi mənzərəsi isə belədir: 189 oyun, 11 qol, 23 məhsuldar ötürmə.
Veteran müdafiəçi “Atletik”lə 2023/2024-cü illər mövsümündə İspaniya Kral Kubokunun qalibi olub.
Ander Errera 2016-cı ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 35 yaşlı ispan müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.
“Atletik”in qapıçısı Aleks Padilya da Meksikanın UNAM klubuna keçib. Sözügedən klub 21 yaşlı ispan qolkiperi 2025-ci ilin 30 iyununa kimi icarəyə götürüb. Padilyanın Bilbao təmsilçisi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Aleks Padilya “Atletik”in öz yetirməsidir. O, bir müddət “Baskoniya”da da çıxış edib.
Padilya İspaniyanın U-19 yığmasında oynasa da, 2024-cü ildən Meksikanın U-23 yığmasında forma geyinməyə başlayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.