Hazırda Bilbao “Atletik”ində top qovan ispan yarımmüdafiəçi Ander Herrera keçmiş komanda yoldaşı Lionel Messi haqda fikirlərini bölüşüb.
Arena.az “TyC Sports”a istinadən xəbər verir ki, daha əvvəl Fransa nəhəngi PSJ-nin heyətində çıxış etmiş Errera mətbuatda yayılmış söz-söhbət səpgili fikirləri təkzib edərək, Messini müdafiə edib:
“Biz komanda yoldaşı olanda o, gözləntilərimi üstələmişdi. Bir futbolçu kimi ona heyran idim. Ancaq bir komanda yoldaşı və bir insan kimi mən ona daha çox heyranam. Onun Mbappe ilə münaqişəsi olduğu yalandır. Mən başa düşə bilmirəm ki, media nə üçün birini tərifləyərək, digərini öldürməlidir. Messi anadangəlmə qalibdir, o, heç vaxt məşqləri faydasız bir məşğuliyyət kimi qəbul etməyib. O, həmişə ən yaxşı olmağa çalışır, hər şeyə ciddi yanaşardı. Bunsuz yeddi “Qızıl Top” qazana bilməzsən”.
Xatırladaq ki, PSJ-dən azad agent qismində ayrılmış Lionel Messi ABŞ MLS-də çıxış edən “İnter Mayami”yə keçib.