Ander Herrera PSJ-dən ayrıldı, “Atletik”ə qayıtdı

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Ander Herrera Fransanın PSJ klubundan ayrılıb. Arena.az xəbər verir ki, Paris təmsilçisi 33 yaşlı oyunçunu İspaniyanın “Atletik” klubuna icarəyə verib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. PSJ-də az şans qazanan təcrübəli futbolçu mövsümün sonuna kimi sabiq komandasının uğurları üçün çalışacaq. Bir illik icarədən sonra Bilbao klubu futbolçunun transfer hüququna da sahib çıxa biləcək.

Ander Herrera “Saraqosa”nın yetirməsidir. O, 2011-2014-cü illər aralığında məhz “Atletik”də çıxış edib. Həmin dövrdə o, Bilbao təmsilçisində 128 oyuna çıxıb, 11 qol vurub. Sonrakı 5 ili İngiltərədə – “Mançester Yunayted”də keçirən yarımmüdafiəçi, 2019-cu ildən PSJ-nin uğurları üçün çalışırdı. O, Paris təmsilçisində 95 oyuna çıxıb və 6 qol vurub. Herrera İspaniya yığmasında cəmi 2 oyun keçriib.

PSJ gənc oyunçuları – Mutanabi Bodianq ilə Denis Frankini də icarəyə göndərib. 19 yaşlı oyunçular müvafiq olaraq “Le Puy Foot” və “Bernli” klublarına icarəyə verilib. Onlar da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar. Paris klubunun öz yetirməsi olan Seneqal əsilli Bodianq sağ cinah müdafiəçisi, italiyalı Franki isə qapıçıdır.

Yeri gəlmişkən, Ander Herreranı heyətinə qatan “Atletik” də öz yarımmüdafiəçisi Peru Nolaskoaynı “Eybar”a icarəyə verib. İspaniyadan olan 23 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Deportivo” və “Amorebieta”da da icarədə oynayıb. Bilbao təmsilçisinin öz yetirməsi olan dayaq yarımmüdafiəçisi, əsas komandada 10 oyun keçirib, 2 qol vurub.

“Atletik”in digər yarımmüdafiəçisi Niko Serrano isə “Mirandes”ə icarəyə verilib. 19 yaşlı vingerin icarə müddəti mövsümün sonuna qədərdir. Bilbaoluların öz yetirməsi olan futbolçu əsas komandada 17 oyun keçirib, 1 qol vurub.