“Mançester Yunayted”in qapıçısı Andre Onana yeni mövsümdə oyunu ilə bağlı fikrini açıqlayaraq, böyük risklərə gedəcəyini bildirib.
Arena.az “The Athletic” dərgisinə istinadən, kamerunlu qapıçının bu barədə fikrini təqdim edir:
“Bu mövsümə hazır olun. Mən yeni mövsümdə böyük risklərə gedəcəyəm, hazır olun uşaqlar! Bu barədə sizlərə əvvəlcədən xəbərdarlıq edə bilərəm. Yeni mövsüm başlayanda daha da böyük zövq alacağam”, deyə Onana bildirib.
Andre Onana “Samuel Eto’O Futbol Akademiyası”nın yetirməsidir. Ardınca kamerunlu qapıçı “Barselona”nın akademiyasına keçib. Buradan “Ayaks”a yol tapmış Onana oyunu ilə diqqət çəkib və “İnter”in maraq dairəsinə düşərək “neradzurri”nin heyətinə transfer edilib. Kamerunlu qapıçı 2022/2023-cü illər mövsümündə “İnter”də yüksək səviyyədə çıxışı ilə diqqət çəkib.
“Mançester Yunayted” ispan qapıçı David De Xea ilə yollarını ayırmaq qərarına gəlincə, Andre Onananın transferinə çalışıb. “Qırmızı şeytanlar” 2023-cü ilin iyulunda buna nail ola biliblər və Onana 50,2 milyon avro məbləğ müqabilində “İnter”dən Mançester klubuna keçib. Kamerunlu qapıçı “qırmızı şetanlar”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədə olacaq müqavilə imzalayıb.
Onana geridə qalmış 2023/2024-cü illər mövsümündə “Mançester Yunayted”in heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 83 qol buraxıb, 13 oyunda qapısını toxunulmaz saxlayıb.
Andre Onana 2016-cı ilin sentyabrında debüt etdiyi Kamerun yığmasında 40 oyun keçirib, 35 qol buraxıb, 16 oyunda qapısının toxunulmazlığını təmin edib.
Andre Onana böyük futbolda “Ayaks” və “İnter”lə qənimətlər qazanıb. Kamerunlu qapıçı “Ayaks”la 3 dəfə Niderland çempinluğuna, 2 dəfə Niderland Kubokuna, 1 dəfə Niderland Super Kubokuna sahib olub. “İnter”lə isə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi, həmçinin ötən mövsüm Çempionlar Liqasının finalçısı olub. “Mançester Yunayted”lə isə Onana İngiltərə Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı kamerunlu qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.