İtaliyanın “Montsa” klubunun hücumameyilli yarımmüdafiəçisi Andrea Kolpani bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.
“Fiorentina” 25 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Florensiyalılar 1 illik icarə üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək.
Andrea Kolpani “Atalanta”nın yetirməsidir. O, Berqamo klubunda olarkən əvvəlcə “Trapani”də, 2020-2022-ci illər aralığında isə “Montsa”da icarədə olub. “Montsa” 2022-ci ilin yayında 9 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarını da alıb. Kolpaninin “Montsa” ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Yaırmmüdafiəçi “Montsa”nın heyətində bütövlükdə 133 oyuna çıxıb. O, bu oyunlarda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliyanın U-20 və U-21 yığmalarında oynamış Kolpaniya əsas millidə ehtiyac duyulmayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Kolpanini heyətinə qatan “Fiorentina” sağ cinah müdafiəçisi Nikkolo Pyerossini də “Palermo”ya satıb. 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Onun satışı “Fiorentina”ya 1 milyon avro qazandırıb.
Nikkolo Pyerossi “Fiorentina”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 2 matça çıxıb. Müdafiəçi “Pro Patriya”, “Reccina”, “Salernitana” kimi klublarda icarədə də olub. İtaliyanın U-18 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.
Valentin Antov da “Montsa”nı tərk etdi
Andrea Kolpanini “Fiorentina”ya icarəyə verən “Montsa” mərkəz müdafiəçisi Valentin Antovla da yollarını ayırıb. Bolqarıstandan olan futbolçu da “Kremoneze”yə keçib. Sözügedən klub 23 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. Müdafiəçinin “Montsa” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.
Valentin Antov Sofiya ÇSKA-sının yetirməsidir. Bolqar oyunçunu 2021-ci ilin əvvəlində İtaliyanın “Bolonya”, həmin ilin yayında isə “Montsa” klubları icarəyə götürüb. 2022-ci ilin yayında “Montsa” ÇSKA-ya 3,9 milyon avro ödəməklə bu oyunçunun transfer hüquqlarını da alıb.
Antov “Montsa”da 19 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Bolqarıstanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Valentin, əsas millidə 27 oyuna çıxıb, 1 qol da vurub.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.