Andrea Pirlo Türkiyə klubu ilə vidalaşdı

Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi Andrea Pirlo mövsümün sonunda Super Liqa təmsilçisindən ayrılacaq. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi italiyalı mütəxəssislə müqaviləni yeniləməyəcək. Buna görə də 44 yaşlı məşqçiyə və onun köməkçilərinə gələcək planlarını qurması üçün icazə verilib. Super Liqa təmsilçisi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Andrea Pirlo 2022-ci ilin iyun ayından “Fatih Karagümrük”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 34 oyuna çıxarıb. İstanbul təmsilçisi bu oyunlardan 11-də qələbə qazanıb, 11-də heç-heçə edib və 12 görüşdə də məğlubiyyətlə üzləşib.

Bu, italiyalı mütəxəssisin ölkəsindən kənardakı ilk məşqçilik təcrübəsi idi. Buna qədər o, “Yuventus”un U-23 (2020-ci ilin iyul ayından avqust ayına qədər) və əsas komandalarında (2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər) baş məşqçi kimi çalışmışdı.

“Fatih Karagümrük” bu mövsüm Türkiyə Super Liqasında keçirdiyi 33 oyunda 11 qələbə, 11 heç-heçə və 11 məğlubiyyətlə 44 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. İstanbul təmsilçisini mövsümün son üç turunda “Kayserispor” (30 mayda evdə), “Konyaspor” (11 iyunda səfərdə) və “Kasımpaşa” (18 iyunda evdə) ilə oyunlar gözləyir.