Andrea Sottil “Udineze” ilə yeni müqavilə bağladı

İtaliyanın “Udineze” komandasının baş məşqçisi Andrea Sottil A Seriyası təmsilçisi ilə yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmə bu mövsümün sonuna qədər idi.

Xatırladaq ki, Andrea Sottil 2022-ci ilin iyun ayından “Udineze”də baş məşqçi kimi çalışır. O, 1999-2003-cü illər aralığında futbolçu kimi də bu klubun uğurları üçün çalışıb.

“Udineze” Sottilin rəhbərliyi altında 37 oyuna çıxıb. Sözügedən komanda bu görüşlərdə 12 qələbə qazanıb, 13 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. 49 qol vurmuş “Udineze” 47 qol buraxıb. Komanda sona üç tur qalmış İtaliya A Seriyasında 46 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Udineliləri “Latsio” və “Yuventus”la ev, “Salernitana” ilə səfər oyunu gözləyir.

Sottil “Udineze”dən öncə “Askoli”, “Peksara”, “Kataniya”, “Livorno”, “Sirakuza”, “Paqaneze”, “Kuneo”, “Qubbio” kimi komandaları da çalışdırıb.