Yaponiyanın “Vissel Kobe” komandasının yarımmüdafiəçisi Andres İnyesta bildirib ki, peşəkar karyerasını bitirmək fikrində deyil.
Arena.az “Relevo”nun “Twitter” hesabına istinadən xəbər verir ki, İnyesta iyulun 1-də indiki klubundan ayrılandan sonra hələ də oynamaq istəyində olduğunu açıqlayıb:
“Biz belə ehtimal edirdik ki, mən karyeramı elə, buradaca başa vuracağam. Amma mən həqiqətən oynamağa davam etmək istəyindəyəm. Bəzən sən vidalaşmalısan və bu, çox çətindir. Mənim “Vissel Kobe” ilə münasibətlərim təqaüdə çıxanda da davam edəcək”.
Xatırladaq ki, bir qədər əvvəl 39 yaşlı İnyestanın iyulun 1-də “Vissel Kobe”dən gedəcəyini yapon klubu rəsmən açıqlamışdı. O, həmin gün “Noevir” stadionunda baş tutacaq “Konsadole Sapporo” ilə ev oyununda Yaponiya klubu ilə vidalaşacaq.
Andres İnyesta “Vissel Kobe”nin heyətində 133 oyunda meydana çıxıb və 21 qola imza atıb. Bu müddətdə Andres klubu ilə İmperator Kubokunu (2019) və Yaponiya Super Kubokunu (2020) qazanıb. O, daha öncə uzun illər İspaniyanın “Barselona” komandasında forma geyinib.