Andres İnyesta “Vissel Kobe”dən ayrılır – Klubu rəsmən açıqladı

İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta J-Liqada çıxış edən “Vissel Kobe”dən cari mövsümün ortasında gedəcək.

Arena.az xəbər verir ki, İnyestanın klubla yollarını ayıracağı haqda xəbəri Yaponiya təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb.

Bu ay 39 yaşı tamam olmuş “Barselona”nın keçmiş yarımmüdafiəçisi “Vissel Kobe”yə 2018-ci ildə, kataloniyalıların heyətində möhtəşəm karyerasını başa vurduqdan sonra qoşulub. “Barselona”da 30 titul əldə etmiş Andres İnyesta həmçinin İspaniya millisi ilə dünya və Avropa çempionluğunu qazanıb.

“Biz Andres İnyestanın klubumuzdan getməsini təəssüflə bildiririk. Beş il ərzində, sıralarımıza qoşulduğu andan “Vissel Kobe”yə əhəmiyyətli töhfə vermiş İnyestaya ürəkdən minnətdarlığımızı bildiririk”, – bu sözlər “Vissel Kobe”nin rəsmi bəyanatında əksini tapıb.

İnyesta cari komandasından 1 İyul tarixində “Noevir” stadionunda “Konsadole Sapporo”ya qarşı keçiriləcək ev oyunundan sonra ayrılacaq.

Andres İnyesta “Kobe”nin heyətində 133 oyunda meydana çıxıb və 21 qola imza atıb. Bu müddətdə Andres klubu ilə İmperator Kubokunu (2019) və Yaponiya Super Kubokunu (2020) qazanıb.