Andres Quardado futbolçu karyerasına xitam verəcəyini açıqladı

Meksiaklı mərkəz yarımmüdafiəçisi Andres Quardado peşəkar futbolçu karyerasını bitirəcəyi haqda qərarını açıqlayıb.

Arena.az məlumat verir ki, 38 yaşlı veteran futbolçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən xəbər paylaşıb:

“Bu mövsümün sonunda futbolu tərk etmək və peşəkar karyeramı 19 ilin yekununda bitirmək haqda qərarımı ictimaiyyətə açıqlamaq istərdim. Mənə karyeramı Meksikada bitirmək imkanı vermiş Xesus Martinesə (“Leon”un prezidenti – redaktorun qeydi) təşəkkür etmək istəyirəm. Bilirəm ki, işlər istədiyimiz kimi getmədi, amma bu klubun bir hissəsi olmaqdan qürur duyuram.

Hələ də ələmə mərhələsində oynamaq üçün kiçik bir ümidimiz var, ümidvaram ki, bu, baş verəcək, amma belə olmasa, Bazar gün baş tutacaq oyun karyeramın sonuncusu olacaq. Arzumu gerçəkləşdirərək əldə edə bildiyim hər şeyə görə, minnətdarlıq və qürur hissi ilə ayrılıram”, – Quardado yazıb.

Xatırladaq ki, bu gün, noyabrın 10-u tarixi Quardadonun futbolçu karyerasında son oyun günü olaraq əlamətdar ola bilər. Belə ki, bu gün Quardadonun çıxış etdiyi “Leon” Meksika çempionatında “Monterrey”ə qarşı səfər oyununda qalib gələrək, yarışın final mərhələsinə çıxa bilməsə, Quardado da butslarını asılqandan asacaq.

Andres Quardado Meksikanın “Atlas” klubunun yetirməsidir. Andres karyerası ərzində “Deportivo” (La Korunya), “Valensiya”, “Bayer” (Leverkuzen), PSV, “Betis” və “Leon”da oynayıb.

Klub karyerası ərzində Quardado 627 oyun keçirib, 42 qol və 83 məhsudlar ötürmə ilə fərqlənib.

Andres Quardadonun qənimətlər muzeyində “Deportivo La Korunya” ilə Sequnda çempionluğu, PSV ilə hər biri 2 dəfə Niderland çempionluğu və Niderland Super Kuboku, “Betis”lə İspaniya Kral Kuboku var.

Andres Quardado 2005-ci ilin dekabrında debüt etdiyi Meksika yığmasının heyətində 182 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib. Andres Meksika yığması ilə CONCACAF Qızıl Kubokunun üçqat (2011, 2015, 2019) qalibidir.

Həmçinin Andres Quardado Meksika yığmasının heyətində artıcıl 5 dünya çempinatında iştirak etməklə, milli rekordun daşıyıcısıdır. Quardado DÇ-2006, DÇ-2010, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də “asteklər”in şərəfini qoruyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: