Andrey Lunin “Real”la yeni müqaviləyə imza atdı

Futbol üzrə Ukrayna milli komandasının qapıçısı Andrey Lunin İspaniyanın “Real” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Ukraynalı qapıçının İspaniya nəhəngi ilə müqaviləsinin müddəti bir ildən sonra – 2025-ci ilin yayında başa çatacaqdı. Əvvəllər Luninin daha çox oyun vaxtı əldə etmək istədiyi üçün müqaviləni yeniləməyə razı olmadığı barədə məlumatlar vardı. Ukraynalı qapıçı ilə digər Avropa klubları yaxından maraqlanırdı.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro məbləğ müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lunin “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb, 12 oyundan “quru” çıxıb. Bu mövsüm isə o, hələ debüt etməyib. Luninin “Real” karyerası ümumilikdə 48 oyun, 51 buraxılmış qol və 16 “quru” oyundan ibarətdir.

Andrey Luninin qənimətlər muzeyində olan bütün qənimətlər ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku (2 dəfə), FIFA Klub Dünya Kuboku daxildir.

Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.