Andrey Lunyov: “Braqa” ilə oyundan sonra içimdə boşluq vardı”

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasında “Braqa” ilə oyundan sonra baş verənləri və yaşadığı təəssüratı paylaşıb.

Arena.az xatırladır ki, Avropa Liqasının 1/16 final mərhələsində Bakıda 2:3 hesabı ilə məğlub olmasına rəğmən, səfərdə qazandığı 4:2 hesablı qələbə sayəsində “Qarabağ” yarışın növbəti mərhələsinə adlaya bilib.

Lunyov oyunsonrası təəssüratı haqda “Çempionat”ın müxbiri Oleq Lısenko ilə xüsusi müsahibəsində söhbət açıb:

“Müsbət duyğular, sevinc – bayram ab-havası. İçəri çoxlu müxtəlif adamlar gəlirdilər. Amma şəxsən məndə – fiziki və duyğusal baxımdan boşluq vardı – o qədər yorulmuşdum. Ona görə də duyğularımda daha təmkinli idim.

Çölə çıxmadığım üçün Bakıda nə baş verdiyini görmədim. Gec olduğu üçün dərhal evə getdim. Amma metronun yaxınlığında, stadionun yaxınlığında baş verənlər haqda bəzi videolar gözümə dəydi. Azarkeşlər sevinirdilər – onlar buna layiq idilər”, deyə Lunyov vurğulayıb.

Lunyov Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer” komandasına qarşı keçirəcəkləri oyun haqda da danışıb:

“Bir tərəfdən, onlarla yenidən oynaya biləcəyim çox xoşdur. Digər tərəfdən, bu, başqa mərhələdə baş versəydi, indi isə asan rəqimiz olsaydı, daha yaxşı olardı. O mənada bəzi üstünlüklər var ki, onlarla iki oyun keçirmişik – bizə tanış komandadır. Onların necə oynaması, onlara qarşı necə oynaya biləcəyimiz, güclü və zəif tərəflərinin nə olduğu barədə anlayış var. Elə, mənfi cəhətləri də var. Bu, futboldur. İstənilən rəqiblə oynamaq olar və oynamalısan”.

Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.

Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.