Andrey Lunyov “Qarabağ” azarkeşlərinə təşəkkür etdi

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ”dan ayrılan rusiyalı qapıçı Andrey Lunyov azarkeşlərə təşəkkür edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinə açıqlama verən 33 yaşlı qolkiper bu komandada olduğu müddətdə tərəfdarların ona böyük dəstək verdiyini söyləyib.

“Əziz azarkeşlər, bu mövsüm, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də “Qarabağ”ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!”

Xatırladaq ki, 2023-cü ilin yayında Almaniyanın “Bayer” klubundan “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyununa qədər idi. Rusiyalı qolkiper daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Lunyov Azərbaycan çempionunun heyətində 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: