“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə qurtarışların sayına görə Avropa qapıçıları arasında ən yaxşısıdır.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə qoldan xilas edib.
Cari avrokubok mövsümündə Lunyovun qoruduğu qapıya 47 zərbə vurulub və rusiyalı qapıçı bu zərbələrin 72%-ni dəf edib. Eyni zamanda Lunyov avtoqol istisna olmaqla, 12 qol buraxıb.
Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.
Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.


