Futbol üzrə Rusiya milli komandasının və Almaniyanın “Bayer” klubunun qapıçısı Andrey Lunyov “Qarabağ”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb. O, Azərbaycan çempionunun heyətində 99 nömrəli formanı geyinəcək.
Lunyov “Qarabağ”a azad agent kimi keçib. Bu üzdən də Ağdam klubu Almaniya Bundesliqasında mübarizə aparan Leverkuzen təmsilçisinə təzminat ödəmək məcburiyyətində qalmayıb. Lunyovun “Qarabağ”da hər mövsüm üçün 200 min avro qazanacağı bildirilir.
Xatırladaq ki, Andrey Lunyov 2021-ci ilin yayında Sankt-Peterburq “Zenit”indən azad agent kimi ayrılaraq “Bayer”ə keçmişdi. Lakin o, Bundesliqa təmsilçisində cəmi 3 oyuna çıxıb, 4 qol buraxıb. Bunda onun uzun müddət zədədən əziyyət çəkməsi də böyük rol oynayıb.
Moskva “Torpedo”sunun yetirməsi olan Lunyov vətənində “Zenit”dən başqa “Kaluqa”, “Ufa”, “İstra”, “Saturn” kimi klubların da formasını geyinib. O, Rusiya milli komandasında 7 oyun keçirib, 14 qol buraxıb.
Lunyov “Qarabağ”ın bu yay heyətinə qatdığı dördüncü futbolçudur. Ağdam klubu ondan öncə Hamidu Keyta, Juninyo Vieyra və Patrik Andradeni də heyətinə qatmışdı. Əvəzində Ramil Şeydayev, Filip Ozobiç, Zamiq Əliyev, Musa Qurbanlı və Qara Qarayev ölkə çempionundan ayrılıb. İsmayıl İbrahimli isə “Zirə”yə icarəyə verilib. Ağdam təmsilçisində Maksim Medvedevlə də yeni müqavilə imzalanıb.


