Andrey Lunyov Rusiya klubu ilə müqavilə bağladı – Rəsmi

“Qarabağ”la Azərbaycan çempionu olan və ölkə kubokunu qazanan rusiyalı qapıçı Andrey Lunyov özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, o, bundan sonra Moskva “Dinamo”sunun uğurları üçün çalışacaq.

Bu barədə Rusiya klubunun mətbaut xidməti məlumat yayıb.

Lunyov “ağ-göylər”lə 2+1 illik müqavilə imzalayıb. Müqavilənin detalları barədə məlumat verilməsə də, onun “Dinamo”da ilə 900 min avro qazanacağı barədə xəbərlər yayılıb.

Xatırladaq ki, Andrey Lunyov 2023-cü ilin yayından “Qarabağ”da çıxış edirdi. 2023-cü ilin yayında Almaniyanın “Bayer” klubundan “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa qədər idi. O, bu yay azad agent kimi Azərbaycan çempionundan ayrılmışdı.

Lunyov “Qarabağ”da olduğu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Rusiyalı qolkiper daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: