Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Andrey Lunyov uzun fasilədən sonra futbol üzrə Rusiya milli komandasına dəvət edilib.
Arena.az xəbər verir ki, Rusiya yığmasının baş məşqçisi Valeri Karpin bu gün komandanın qarşıdakı təlim-məşq toplanışı üçün geniş heyətini açıqlayıb.
38 futbolçudan ibarət heyətdə 4 qapıçının adı var. Hazırlıq prosesinə Andrey Lunyov ilə yanaşı, Matvey Safonov (“Krasnodar”), İlya Lantratov ( “Lokomotiv”, Moskva) və Aleksandr Maksimenko (“Spartak”, Moskva”) da qatılacaqlar.
Rusiya yığmasının hazırlıq prosesi martın 14-15-də başlayacaq. Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvay yığması ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 22 oyuna çıxıb, 29 qol buraxıb, 7 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.
Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.


