Andrey Lunyov Rusiya Premyer Liqasına qayıdır? – Özü açıqladı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb.

Arena.az “Match TV”-yə istinadən xəbər verir ki, təcrübəli qolkiper bunun üçün bir çox nüansa baxmalı olduqlarını bildirib:

“Mənim müəyyən kriteriyalarım var. Həyat yoldaşımla birlikdə təhlil edəcəyik, müsbət və mənfi tərəfləri görəcəyik. Çünki uşaq böyüyür və yetkinləşir. Onun gələcəyini və məktəbini düşünməliyik. Harada məskunlaşacağımız, ailə yuvamızın harada olması barədə qərar verəcəyik.

Növbəti müqaviləmin müddətinə də baxmaq lazımdır. Artıq yaşın 32-33 olduğunu başa düşmək lazımdır. Amma hisslərimdən, səhhətimdən anlayıram ki, 2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”.

Yeri gəlmişkən, Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Andrey Lunyovun “Qarabağ”a keçməklə düzgün seçim etdiyini qeyd edib:

“Təəssüf ki, Andrey Lunyovu millinin son toplanışında iş başında görə bilmədik. Böyük ehtimalla, o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyovla Almaniyada tanış olmuşdum. Biz o vaxt Leverkuzendə oynayırdıq, otelimizə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, sabit olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcək yaxşı komandaya keçdi”.

Xatırladaq ki, 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam klubu ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. 32 yaşlı qolkiper cari mövsümdə Azərbaycan çempionunun heyətində 26 oyuna çıxıb, 35 qol buraxıb, 8 qarşılaşmada qapısının toxunulmazlığını təmin edə bilib.

Andrey Lunyov daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: