Andrey Popoviç: “Bəxtim gətirdi ki, pulumu “Bakı” ödədi”

Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı, hazırda Ukraynanın “Minay” klubunun formasını geyinən Andrey Popoviç yerli mətbuata geniş müsahibə verib.

Arena.az xəbər verir ki, vaxtilə “Bakı”, “Sumqayıt”, “Turan” və “Qəbələ”də də çıxış etmiş 29 yaşlı qolkiper Ukraynaya qayıtmasının səbəblərindən danışarkən bunları söyləyib:

“Qəbələ”də çıxış edərkən əvvəlcə hər şey qaydasında idi. Sonra baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi. Əsas komandaya qaytaracağını dedi, amma etmədi. 2015/16 mövsümünün sonunda klub rəhbərliyi mənimlə əlaqə saxladı. Həmin vaxt Kiyevdə idim. Qayıtmağımı istədilər və daha sonra müqaviləmi ləğv etdilər. Çağırmaqlarının səbəbini soruşduqda isə üz-üzə danışmaq istədiklərini bildirdilər. Azərbaycana qayıtdım və mənə bir az təzminat verildi. Çünki klubla daha birillik sözləşməm var idi. Sonra isə “Minay”a keçdim”.

Andrey Popoviç Azərbaycan futbolunun durumu haqqında da fikirlərini bölüşüb: “Orada yaxşı maliyyə var. Məsələn, “Qarabağ” klubu hərtərəfli inkişaf edib. Bu səviyyəyə yavaş-yavaş irəlilədilər, baş məşqçiyə güvəndilər, pul yatırdılar. Komanda ardıcıl neçə mövsümdür ki, çempion olur. Hətta avrokubokların da qrup mərhələlərində iştirak edir. Onlar üçün hər şey yaxşıdır. Bəziləri isə dərhal nəticə istəyirlər. “Qəbələ”yə görə məyusam, mən orada olanda Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər. Komanda çox yaxşı idi. Əsas hədəf də çempionluq olmuşdu. Ancaq “Qarabağ” amilinə görə şans az idi. Onlara qarşı görüşlərdə heç-heçə edir və ya qələbə qazana bilirdik. Amma digər komandalarla oyunlarda xallar itirdik. “Qəbələ”yə artıq böyük maliyyə yatırılmır. Halbuki orada hər şey var. Həqiqətən orada hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə təəssüflənirəm”.

Ukraynalı qolkiper Azərbaycanda oynadığı komandalar arasında ən pis şəraitin “Turan Tovuz”da olduğunu bildirib: “Komanda hazırda Birinci Divizionda çıxış edir. Liderdir və elitaya qayıtmaq istəyir. Bir il icarə əsasında orada oynadım, ən pis şərtlərin həmin klubda olduğunu düşünürəm. Bəxtim gətirdi ki, pulumu müqavilə ilə məxsus olduğum “Bakı” ödədi. Görürdüm ki, futbolçular orada acından ölürlər, onlara pul verirdim ki, özlərinə nəsə alsınlar. Çünki orada pul ödəmirdilər. Üstəlik, Gürcüstandan 100 km aralıda bir kənd idi, getməyə hansısa yer yox idi. Oradakı azərbaycanlılar buna öyrəşiblər. Amma çoxlu legionerimiz var idi, bazada qalır, məşqə çıxır, nahar edir və orada vaxt keçirirdilər. Mənim “Playstation”um var idi, amma televizorları dördbucaq və qalın olduğundan oynaya bilmirdim. Orada formasını geyindiyim “Bakı” klubuna görə də təəssüflənirəm”.