Ukraynanın “Çernomorets” (Odessa) klubunun hücumçusu Andrey Ştoqrin bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” növbəti transferini rəsmiləşdirib. Ukraynalı hücumçu Andrey Ştoqrin artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in əsas komandasında çıxış etməyə başlayıb. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/2024 mövsümündə 34 oyun keçirib, 12 qol vurub. Onun “Çernomorets” karyerası bütövlükdə 114 oyun, 18 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, “Neftçi” daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə) və Robert Baueri (“Əl-Tai”, Səudiyyə Ərəbistanı) də heyətinə qatmışdı. Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç və Dieqo Valdes isə komandanı bu yay tərk ediblər.