Kanadanın “Pasifik” komandasının hücumameyilli yarımmüdafiəçisi Andrey Tırkovyanu bundan sonra “Şamaxı”nın formasını geyinəcək.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Sözügedən klub Rumıniyadan olan yarımmüdafiəçi Andrey Kostin Tırkovyanunu heyətinə qatıb. 27 yaşlı futbolçu ilə ilyarımlıq (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Andrey Tırkovyanu Buxarest “Dinamo”sunun yetirməsidir. O, ölkəsində “Qaz Metas”, “Vitorul” (Konstanta), “Konkordiya”, “Botoşani”, “Farul”, “Arceş” kimi klubların da şərəfini qoruyub. 2024-cü ilin mart ayında azad agent kimi “Pasifik”ə üz tutmuş yarımmüdafiəçi Kanada klubunun heyətində 25 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Tırkovyanu Rumıniyanın U-16 və U-17 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
Qeyd edək ki, “Şamaxı” bu qış fasiləsi dönəminin transfer bazarında hələlik ən fəal klubdur. Əyalət klubu daha öncə Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya) və Vüsal Məsimovu (“Səbail”) da heyətinə qatmışdı. Ramin Əhmədov və Qurban Səfərovla yollarını ayıran klub gənc futbolçu Edqar Adilxanovla da yeni müqavilə bağlayıb.