Andrey Yarmolenko BƏƏ klubunda!

Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Andrey Yarmolenko özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, geridə qalan mövsümü İngiltərənin “Vest Hem” klubunda keçirmiş 32 yaşlı futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasında forma geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

“Əl-Əyn”ə ötən ay müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzatmış ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik edir. 48 yaşlı məşqçi 2021-ci ilin iyunundan bu komandanı çalışdırır. Komanda onun rəhbərliyi altında həm BƏƏ çempionu olub, həm də Liqa Kubokunu qazanıb.

Andrey Yarmolenko 2018-ci ildən “Vest Hem”də çıxış edirdi. Təcrübəli futbolçu İngiltərə klubunun heyətində keçirdiyi 4 mövsüm ərzində 86 oyuna çıxıb, 13 qol vurub. Futbolçunun bu klubla müqaviləsinin müddəti bu il iyunun 30-na qədər idi. O, daha öncə Almaniyanın “Borussiya” (Dortmund) klubunda da legioner həyatı yaşayıb. Peşəkar karyerasına “Desna”da başlamış vinger, 2007-2017-ci illər aralığında Kiyev “Dinamo”sunun formasını geyinib. Ukrayna millisində 109 oyuna çıxan futbolçu, 45 qolla yadda qalıb.