Yayda “Everton”dan ayrılandan bəri işsiz olan Andros Taunsend İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Luton Taun”a keçib.
Arena.az xəbər verir ki, Luton təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azad agent statusuna malik 32 yaşlı futbolçu ilə bu ilin sonuna, 31 dekabra qədər müqavilə imzalanıb. O, yeni komandasında 30 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Andros Taunsend 2021-ci ilin iyul ayından formasını geyindiyi “Everton”u geridə qalan mövsümün sonunda azad agent kimi tərk etmişdi. Sağ cinah vingeri bu komandada iki mövsüm ərzində cəmi 27 oyun keçirib, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Taunsend daha öncə “Kristal Pelas”, “Tottenhem”, “Leyton Orient”, “Birmingem Siti”, “İpsviç Taun”, “Nyukasl”, KPR, “Milluol”, “Yovil Taun”, “Milton Kens Dons”, “Lids” və “Uotford” kimi klubların da formasını geyinib. Təcrübəli oyunçu İngiltərə milli komandasında da 13 oyun keçirib, 3 qola imza atıb.