Angelos Postekoqlu MY üzərində səfər qələbəsindən danışdı

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqanın 6-cı turunda “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, London təmsilçisi səfərdə “qırmızı şeytanlar” üzərində 3:0 hesablı möhtəşəm qələbəyə imza atıb.

Yunanəsilli avstraliyalı mütəxəssisin bu oyun barədə fikrini təqdim edirik:

“Bu, möhtəşəm oyun idi. Oyuna yaxşı başladıq, gözəl qol vurduq və yəqin ki, iki-üçünü də vura bilərdik. Daha sonra rəqib təzyiqə məruz qaldı və onlar qırmızı vərəqə aldılar. Bundan sonra oyuna yaxşı nəzarət etdiyimiz haqda qənaətə gəldim. Bütün uşaqlar əla səy göstərdilər.

Bu, ardıcıl dördüncü qələbəmizdir və biz buna müxtəlif yollarla nail olduq, amma biz buna həmişə öz əsaslarımıza və futbol oynamaq istədiyimiz üsula sadiq qalaraq müvəffəq olmuşuq”, deyə Angelos Postekoqlu razılıqla bildirib.

6 oyundan 10 xal toplamış “mahmızlar” Premyer Liqanın yarış cədvəlində 8-ci pillədə qərarlaşıblar. “Qırmızı şeytanlar” isə 7 xalla 12-ci pillədədirlər. Premyer Liqaya 15 xalla “Liverpul” başçılıq edir.