Şotlandiya “Seltik”ini çalışdıran Angelos Postekoqlu İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Avstraliyadan olan 57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Onun yeni klubundakı işinə iyulun 1-dən etibarən start verəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Angelos Postekoqlu 2021-ci ilin yayından “Seltik”i çalışdırırdı. Şotlandiya nəhəngi avstraliyalı çalışdırıcının rəhbərliyi altında iki dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həm də Şotlandiya kubokunu qazanıb. Onun bu klubla hələ də müqaviləsi vardı. Bu üzdən də “Tottenhem” bu mütəxəssisi baş məşqçi postuna gətirmək üçün “Seltik”ə təzminat da ödəmək məcburiyyətində qalıb.
Postekoqlu daha öncə Avstraliyanın U-17, U-20 millilərinə, həmçinin əsas yığmaya rəhbərlik edib. Yunan əsilli məşqçi “Cənubi Melburn”, “Panaxaiki”, “Bransuik Yuventus”, “Brisben Roar”, “Yokohama”, “Melburn Viktori” kimi klublarda da çalışıb.
Sonda onu da qeyd edək ki, “Tottenhem”də baş məşqçi postu italiyalı Antonio Kontenin istefaya göndərilməsindən bəri boş idi. London təmsilçisi geridə qalan mövsümdə Premyer Liqada 60 xalla 8-ci yeri tutub və avrokuboklarsız qalıb.