Angelos Postekoqlu Yaxın Şərqdəki münaqişə haqda danışdı

“Tottenhem”in yunanəsilli avstraliyalı baş məşqçisi Angelos Postekoqlu Fələstin-İsrail münaqişəsindən danışıb.

Arena.az “Evening Standard” dərgisinə istinadən Postekoqlunun bu xüsusda fikirlərini təqdim edir:

“Tottenhem”in liderləri bu münaqişənin birbaşa toxunduğu insanlardır. Klubumuzda bir futbol çalışdırıcısı olaraq edə biləcəyim tək şey məsləhətlə və ya rəhbərliklə dəstək verməyə çalışmaqdır.

Mən həmişə hiss etmişəm ki, ümumiyyətlə idmanın, xüsusən də futbolun ən böyük rolu ondan ibarətdir ki, bu, bayağı səslənsə də, eskapizm (qaçış) forması ola bilər. 90-95 dəqiqə ərzində harada olurlarsa olsunlar, insanların zehnini yaşadıqları çətinliklərdən uzaqlaşdıra bilərsiniz. Onları diqqətini bir müddət, heç olmasa, öz futbol klubunu dəstəklədiyi müddətdə yayındıra bilərsiniz. Bəlkə bu yolla onlara bir az təsəlli verə bilərik”, deyə Postekoqlu bildirib.

Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.

Xatırladaq ki, “Tottenhem” 8 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 xalla potensial liderdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: