Anna Skidan Paris-2024-də final mərhələsinə vəsiqə qazandı

Azərbaycanı Fransada keçirilən Yay Olimpiya Oyunlarının (Paris-2024) çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.

Arena.az xəbər verir ki, təmsilçimiz əvvəlcə təsnifat mərhələsində mübarizə aparıb.

A qrupunda yarışan Skidan ilk cəhdində 69.58 metr nəticə göstərib. O, ikinci cəhdində çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb.

Bu nəticələrdən sonra A qrupunda 3-cü olan Anna Skidan yekunda 6-cı yeri tutub. Bu göstərici İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibinin finala vəsiqə əldə etməsini rəsmiləşdirib.

Qeyd edək ki, bu proqram üzrə 12 atletin iştirakı ilə təşkil olunacaq final mərhələsi avqustun 6-da keçiriləcək.

Xatırladaq ki, bu, Anna Skidanın karyerasında üçüncü Olimpiya Oyunlarıdır. O, əvvəlki cəhdlərində mübarizəni təsnifat mərhələsində dayandırmaq məcburiyyətində qalmışdı. İlk dəfə final mərhələsinə yüksələn idmançımızın budəfəki yekun nəticəsinin necə olacağı maraqla gözlənilir.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı bürünc medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.