Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri müasir futbol təqviminin yüksək sıxlığından söhbət açaraq, tənqidi mövqeyini bildirib.
Arena.az “CBS Sports” dərgisinə istinadən məlumat verir ki, fransalı mütəxəssis futbolçuların çoxlu sayda oyunlarda iştiraka məcbur edilməsinə qarşıdır:
“Onlar həddindən artıq çox oyun oynayırlar. Dünyanın ən yaxşı oyunçularına mal-qara kimi baxırlar. Əvvəlki illərlə müqayisədə bu Avropa çempionatı xoşunuza gəldimi? Ən yaxşı oyunçuların əksəriyyəti meydanda yorğun görünürlər, görürəm ki, onların bir çoxu oyun sevincini itirib”, deyə Anri narazılıqla bildirib.
Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu mütəxissslər – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker və “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodriqo Ernandes də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdılar. Rodri hətta buna görə futbolçuların tətil etməsinin mümkünlüyünü də dilə gətirmişdi. “Bayer”in ispan çalışdırıcısı Xabi Alonso da bu mövzuda həmrəylik nümayiş etdirmişdi.