Ansu Fati və Erik Qarsiya da “Barselona”dan ayrıldılar

İspaniya çempionu “Barselona”nın sol cinah vingeri Ansu Fati İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton”a keçib.

Arena.az bu barədə “Brayton”un rəsmi saytına istinadən məlumat verir.

İngiltərə klubu 20 yaşlı futbolçunu bir illik icarəyə götürüb. Fati 2024-cü ilin iyun ayının sonuna qədər “qağayılar”a xidmət edəcək. Transferin maliyyə tərəfi haqda hesabat verilməyib.

Ansu Fatinin transferini şərh etmiş “Brayton”un italyan baş məşqçisi Roberto De Zerbi futbolçu ilə komandanın qarşılıqlı surətdə bir-birinə yardımçı ola biləcəyini vurğulayıb:

“Bu imza hamımız üçün çox vacibdir. Əminəm ki, Ansu bizə yeni hədəflərə çatmağa kömək edəcək və biz ona layiq olduğu səviyyəyə qayıtmağa kömək edə biləcəyik”, – deyə “qağayılar”ın mətbuat xidməti De Zerbidən sitat gətirib.

Ansu Fati 2019-cu ildən “Barselona”dadır və klubun perspektivli gənclərindən sayılır. Geridə qalmış 2022/2023 mövsümündə Fati “Barselona”nın heyətində 51 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Cari mövsümdə vinger kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Fati “Barselona” ilə İspaniya La Liqasını (2022/2023), İspaniya Kubokunu (2020/2021) və İspaniya Super Kubokunu (2022/2023) qazanıb.

Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fati 2020-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 1 məhsuldar ötürmə verib və 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı Ansu Fatini 35 milyon avro məbləğində qiymətləndirir.

Erik Qarsiya da “Barsa”nı “Jirona”ya dəyişdi

“Barselona”nın mərkəz müdafiəçisi Erik Qarsiya da icarə əsasında La Liqanın digər təmsilçisi “Jirona”ya keçib. 22 yaşlı ispan bu mövsümün sonuna kimi icarədə olacaq.

Erik Qarsiya “Barselona”ya 2021-ci ilin yayında “Mançester Siti”dən gəlib. O, Kataloniya təmsilçisində 70 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. Müdafiəçi İspaniya millisində də 19 oyun keçirib.

“Jirona” “Xetafe”dən sağ cinah vingeri Portunu, həmçinin Kolumbiyanın “Atletiko Nasional” klubundan mərkəz yarımmüdafiəçisi Con Solisi də transfer edib. İspaniyadan olan 31 yaşlı Portu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Kolumbiyalı 18 yaşlı Solis isə La Liqa təmsilçisi ilə 5 illik anlaşıb.

“Jirona”nın hücumçusu Manu Valyexo isə icarə əsasında “Saraqosa”ya keçib. 26 yaşlı ispan mövsümün sonuna kimi icarədə olacaq.