“Antalyaspor” “Hatayspor”un hücumçusunu heyətinə qatdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Antalya təmsilçisi “Hatayspor”dan Bertuğ Yıldırımı, Burundinin “Eql Nuar” klubundan isə Yannik Nkurunzizanı transfer edib.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Bertuğ Yıldırım bu mövsümün sonuna kimi icarəyə götürülüb. Yannik Nkurunziza isə yeni klubu ilə 4.5 illik müqaviləyə imza atıb. “Antalyaspor”un bu transfer üçün Burundi klubuna nə qədər təzminat ödədiyi açıqlanmır.

Bertuğ Yıldırım “Sarıyer” klubunun yetirməsidir. Hücumçu 2021-ci ilin yayından “Hatayspor”da forma geyinirdi. 21 yaşlı forvard bu komandada meydana çıxdığı 34 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. O, Türkiyənin gənclərdən ibarət yığmalarında da (U-21, U-23) forma geyinir.

Yannik Nkurunziza isə daha öncə “Nessajer”də forma geyinib. 20 yaşlı mərkəz yarımmüdafiəçisi 2018-ci ildən “Eql Nuar” klubunda oynayırdı. Onun bu mövsüm Antalya klubunda da gənclərdən ibarət komandada oynaması gözlənilir. Gənc futbolçu artıq Burundi milli komandasında da 4 oyun keçirib.