“Antalyaspor” isveçli və amerikalı futbolçularla müqavilə bağladı

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli yarımmüdafiəçi Sam Larssonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sonuncu iş yeri Çinin “Dalian Professional” komandası olan vinger, yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.

Sam Larsson peşəkar karyerasına yetirməsi olduğu “Göteborq” komandasında başlayıb. 2014-cü ildə o, Niderlandın “Herenven” komandasına transfer olub. 3 mövsüm bu komandada oynadıqdan sonra Niderlandın digər təmsilçisi “Feyenoord”la müqavilə bağlayan yarımmüdafiəçi, Çinə 2020-ci ildə üz tutmuşdu. 29 yaşlı futbolçu son iki mövsümü məhz Çin çempionatında keçirib. Larsson İsveç yığmasında 4 oyuna çıxıb, 1 qol vurub.

“Antalyaspor” ötən ilin yayında Norveçin “Sonneryusk” klubundan icarəyə götürdüyü Haci Raytı da transfer edib. ABŞ-dan olan forvardın icarə müqaviləsinin müddəti bitsə də, Antalya təmsilçisi onu birdəfəlik almağa qərar verib. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu keçid üçün Norveç klubuna ödənilən məbləğ açıqlanmayıb.

Haci Rayt ötən mövsüm bu komandanın heyətində 31 oyuna çıxıb, 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Nyu-York Kosmos”, “Şalke”, “Sandhauzen” və “Venlo” kimi klublarda da forma geyinib. ABŞ millisində də 3 oyun keçirmiş forvard, cəmi 1 qol vura bilib.

“Antalyaspor” öz müdafiəçisi Mert Yılmazı da Super Liqanın yeni iştirakçılarından olan “Ümraniyəspor”a icarəyə verib. 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər icarədə oynayacaq. Almaniyada dünyaya göz açan türkiyəli futbolçu, Antalya təmsilçisindən öncə “Leypsiq” və “Bayern”in ikinci komandalarında forma geyinib. O, Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.

Xatırladaq ki, Antalya klubu daha öncə Ömer Toprak, Soner Aydoğdu və Alperen Uysalı transfer edib, Güray Vural, Hakan Özmert və Fernando ilə də yeni müqavilə bağlamışdı.