Ante Rebiç “Milan”ı “Beşiktaş”a dəyişdi – Rəsmi

Futbol üzrə Xorvatiya yığmasının və İtaliyanın “Milan” klubunun sol cinah vingeri Ante Rebiç Türkiyənin “Beşiktaş” komandasına keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı futbolçu “qara qartallar”la 2 illik sözləşmə imzalayıb. “Beşiktaş”a azad agent kimi keçən yarımmüdafiəçi buna görə 280 min avro imza pulu alacaq. Təcrübəli oyunçu yeni komandasında ilinə 2,5 milyon avro qazanacaq. O, meydana çıxdığı hər oyuna görə də 10 min avro əlavə gəlir əldə etmək şansına malikdir.

Ante Rebiç 2020-ci ilin sentyabrından “Milan”ın formasını geyinirdi. O, İtaliya klubunda 123 oyun keçirib, 29 qol və 17 məhsuldar ötürmə müəllifi olub. Xorvat vinger karyerası ərzində “Ayntraxt” (Frankfurt), “RNK Split”, “Fiorentina”, “Leypsiq” və “Verona” kimi klubların da uğurları üçün çalışıb. O, Xorvatiya yığmasında da 42 oyun keçirib, 3 qol vurub.

“Beşiktaş” qapıçısı Mert Günok ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 34 yaşlı qolkiper yeni sözləşməyə əsasən 2025-ci ilin 30 iyununa kimi bu komandada oynamağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti gələn yay bitəcəkdi.

Mert Günok 2021-ci ildə “Başakşəhər”dən 1,3 milyon avro qarşılığında “Beşiktaş”a keçmişdi. Təcrübəli qapıçı bu komandada 30 matça çıxıb, 7 “quru matç” keçirib, 37 qol buraxıb. O, daha öncə “Başakşəhər”dən əlavə “Fənərbaxça” və “Bursaspor”da da oynayıb. Qapıçı Türkiyə millisində də 26 oyun keçirib.

“Beşiktaş”ın mərkəz müdafiəçisi Romen Saiss də Qətərin “Əl-Sədd” klubuna satıb. İstanbul nəhəngi bu keçiddən 2,5 milyon avro qazanıb. 33 yaşlı mərakeşli futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Romen Saiss “Beşiktaş”a 2022-ci ilin iyul ayında qoşulmuşdu. O, bu komandada 26 oyun keçirib, 1 qol və 2 assistlə yadda qalıb. Təcrübəli müdafiəçi əvvəllər “Vulverhempton”, “Havr”, “Klermon”, “Anje” kimi klubların da uğurları üçün çalışıb, Mərakeş yığmasında 75 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: